Al Madinah Quran
Language
The Table Page 127
Home
Juz 7 Page 127 / 604 Hizb 13

Ayah meanings

Mammadaliyev & Bunyadov

Azərbaycanca

Vasim Mammadaliyev and Ziya Bunyadov · Tanzil Project · Version tanzil-2026-09-21

  1. 114

    Məryəm oğlu İsa dedi: “Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir mö’cüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!”

  2. 115

    Allah buyurdu: “Mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə olanlardan (bəşər övladından, zəmanə əhlindən) heç kəsə verməyəcəyim bir əzab verərəm!”

  3. 116

    (Ya Rəsulum!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” – demişdin? “(İsa cavabında) deyəcək:” Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!

  4. 117

    Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən!

  5. 118

    Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən” (İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni həkimanə həll etməyə qadir olan ancaq Sənsən!)

  6. 119

    Allah buyurdu: “Bu (qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, (mö’minlər üçün) böyük qurtuluşdur (uğurdur)!”

  7. 120

    Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!

Reading

Display settings

Quran text size
Appearance
0:00/0:00