Al Madinah Quran
Language
The Ascending Stairways Page 569
Home
Juz 29 Page 569 / 604 Hizb 57

Ayah meanings

Mammadaliyev & Bunyadov

Azərbaycanca

Vasim Mammadaliyev and Ziya Bunyadov · Tanzil Project · Version tanzil-2026-09-21

  1. 11

    Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımamazlığa vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin (fidyə versin) öz oğullarını;

  2. 12

    Övrətini və qardaşını;

  3. 13

    (Çətin günlərdə) ona sığınacaq verən əşirətini (qohum-əqrabasını);

  4. 14

    Və yer üzündə olanların hamısını – təki özünü (Allahın əzabından) qurtarsın!

  5. 15

    Xeyr (bu mümkün deyildir). Həqiqətən, o (Cəhənnəm) alovlu atəşdir.

  6. 16

    (Elə bir atəş ki) başın dərisini sıyırıb çıxardır (dərini sümükdən ayırır).

  7. 17

    Çağırır (o Cəhənnəm itaətdən) çıxanı, (imandan) üz döndərəni

  8. 18

    Və (mal-dövlət) yığıb saxlayanı! (Allahın payını verməyəni; acizə, yoxsula əl tutmayanı!)

  9. 19

    Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır!

  10. 20

    Ona bir pislik üz verdikdə fəryad qoparar.

  11. 21

    Ona bir xeyir nəsib olduqda isə xəsis olar.

  12. 22

    Namaz qılanlar istisnadır!

  13. 23

    O kəslər ki, daim namaz qılarlar;

  14. 24

    O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır -

  15. 25

    Dilənən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsə üçün;

  16. 26

    O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər;

  17. 27

    O kəslər ki, Rəbbinin əzabından qorxub tir-tir əsərlər;

  18. 28

    Çünki onların Rəbbinin əzabından (bu əzabın kiməsə toxunub-toxunmayacağından) arxayın olmaq olmaz;

  19. 29

    O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar (zina etməzlər);

  20. 30

    Övrətləri və cariyələri istisna olmaqla. (Onlarla yaxınlıq etməyə görə) əsla qınanmazlar;

  21. 31

    Bundan artığını istəyənlər isə həddi aşanlardır;

  22. 32

    O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər;

  23. 33

    O kəslər ki, düzgün şəhadət verərlər

  24. 34

    Və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər-

  25. 35

    Məhz onlar cənnətlərdə ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir!

  26. 36

    (Ya Peyğəmbər!) Kafirlərə nə olub ki, (boyunlarını qabağa uzadıb) sənə tərəf tələsirlər?

  27. 37

    Sağdan və soldan dəstə-dəstə gəlirlər?

  28. 38

    Məgər onların hər biri Nəim cənnətlərinəmi daxil olacağına ümid edir?

  29. 39

    Xeyr! (Bu ola bilməz). Biz onları özlərinin bildiyi şeydən yaratdıq! (İnsan bir qətrə natəmiz nütfədən xəlq edilmişdir. İnsanın e’tiqadı, imanı olmasa, bu vecsiz maddənin nə dəyərini, nə də qiyməti ola bilər?! Bu və ya digər şəxsin Cənnətə daxil olması üçün başlıca şərt onun Allaha iman gətirib Ona səmimi-qəlbdən itaət etməsidir. Nicat yolu yalnız budur!)

  30. 40

    Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik.

Reading

Display settings

Quran text size
Appearance
0:00/0:00